Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası Azərbaycanın ilk irimiqyaslı Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun yaradılması üçün 45 milyon ABŞ dolları məbləğində maliyyələşdirməni təsdiqləyib.
Denizxeber.az bildirir ki, bunu trend-ə müsahibəsində AIIB-nin Baş direktoru Syaohun Yanq bildirib ki, bu layihə ölkənin su sektorunda ilk dövlət-özəl tərəfdaşlığı (DÖT) modeli kimi həyata keçiriləcək. Yanq qeyd edib ki, bankın Azərbaycanla əməkdaşlığı şəhər mobilliyi, bərpa olunan enerji, su təhlükəsizliyi və nəqliyyat-logistika sahələrini əhatə edir.
AIIB hazırda Bakı Metropoliteninin 820 milyon dollar dəyərindəki Yaşıl Xətt layihəsini və 200 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası layihəsini qiymətləndirir. Bank rəsmisi Azərbaycanın Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən strateji mövqeyini və Orta Dəhlizdəki aparıcı rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb.





