Xəzər dənizində su səviyyəsinin enməsi davam edir: sahil xəttində ciddi dəyişikliklər qeydə alınıb

222

“Yeni delta 2026” ekspedisiyasının apardığı tədqiqatlar Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin enmə tendensiyasının davam etdiyini təsdiqləyib. Nəticələr Rusiya Elmlər Akademiyasının P. P. Şirşov adına Okeanologiya İnstitutu, Həştərxan Biosfer Qoruğu və Xəzər Flotiliyasının Hidroqrafiya Xidmətinin iştirakı ilə həyata keçirilən elmi missiya çərçivəsində əldə olunub.

2026-cı ilin aprel ayında Volqa–Xəzər dəniz gəmiçilik kanalı və Xəzərin şimal akvatoriyasında aparılan ölçmələr sahil xəttində nəzərəçarpacaq dəyişiklikləri üzə çıxarıb. Alimlərin bildirdiyinə görə, suyun geri çəkilməsi nəticəsində bəzi adaların sahəsi genişlənib.

Məlumata əsasən, “Çistoy Banki” adasının sahəsi 2019-cu ildən bəri təxminən iki dəfə artıb. Eyni zamanda Tbilisi bankası ərazisində formalaşan digər ada son bir ildə üç dəfə böyüyüb. Bu dəyişikliklər dəniz səviyyəsinin enməsi ilə yanaşı, sahil zonalarında suyun çəkilməsi və quruluq prosesləri ilə əlaqələndirilir.

Ekspedisiya zamanı yan baxışlı hidroloqatorlar və çoxşüalı exolot vasitəsilə dəniz dibinin relyefi və axın istiqamətləri də araşdırılıb. Nəticələr göstərir ki, Şimal Xəzərdə su kütlələri əsasən cənub-qərbdən şimal-şərqə doğru hərəkət edir. Bu prosesə çay axınları və mövsümi meteoroloji şərait təsir göstərir.

Bundan əlavə, su nümunələri toplanaraq laborator analizlərə göndərilib. Tədqiqatlar asılı və biogen maddələrin tərkibinin öyrənilməsini də əhatə edib.

Ekspedisiya rəhbəri İvan Yermakovun sözlərinə görə, əldə olunan nəticələr Xəzər dənizində su səviyyəsinin azalma tendensiyasının davam etdiyini göstərir və vəziyyətin diqqətlə izlənməsi zəruridir.