Enerjidə böyük iqtisadi effekt

100

Qara dənizin “Sakarya” qaz yatağından əldə olunan təbii qaz Türkiyənin enerji idxal xərclərini əhəmiyyətli dərəcədə azaldıb.

Yataqdan qaz təchizatı nəticəsində Türkiyə mavi yanacaq idxalında təxminən 2 milyard dollar qənaət edib.

Türkiyənin tarixində ən böyük dəniz qaz yatağının kəşfi 2020-ci ilin iyulunda elan edilib. İlk qaz tədarükləri isə 2023-cü ilin sentyabrında ölkənin qaz paylama şəbəkəsinə verilib.

2023-cü ilin sonunadək “Sakarya” yatağından 337 milyon kubmetr qaz hasil olunub. Bu göstərici 2024-cü ildə 1,66 milyard kubmetrə, ötən il 3 milyard kubmetrə, 2026-cı ilin yanvar-may aylarında isə əlavə 1 milyard kubmetrə çatıb.

Yatağın ehtiyatları 785 milyard kubmetr həcmində qiymətləndirilir və bu göstərici təxminən 250 milyard dollar dəyərində hesablanır.

İstismara verildiyi gündən bu yana Türkiyə ümumilikdə təxminən 6 milyard kubmetr yerli qaz əldə edib ki, onun bazar dəyəri 2 milyard dollara yaxındır. Bu da ölkənin xarici enerji asılılığının azaldılmasına töhfə verir.

Rəsmi statistikaya görə, Türkiyə ötən il 21,2 milyard dollar dəyərində təbii qaz idxal edib. İdxalın 43%-i Rusiyanın, 20%-i ABŞ-nin, 12%-i Azərbaycanın, 11%-i İranın, 7%-i Əlcəzairin, 7%-i isə digər ölkələrin payına düşüb.