Boğazdan növbəti LNG keçidi

431

Yaxın Şərqdə gərginliyin artdığı dövrdə Qətərin nəzarətində olan mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin Hörmüz boğazından keçidi davam edir.

Denizxeber.az bildirir ki, “Kpler” və LSEG kimi gəmi izləmə şirkətlərinin məlumatına görə, “QatarEnergy” tərəfindən idarə olunan “Al Daayen” adlı tanker iyunun 4–5-də Qətər sahillərində görünüb və daha sonra Hörmüz boğazının şərq hissəsində qeydə alınıb. Hazırda gəminin Çinə doğru hərəkət etdiyi bildirilir.

Məlumata əsasən, tanker iyunun 1-də Qətərin “Ras Laffan” terminalında yüklənib. Bununla da bölgədə münaqişə başlayandan bəri Hörmüz boğazından keçən LNG tankerlərinin sayı 9-a çatıb.

Bundan əlavə, “Vortexa” analitik şirkətinin məlumatına görə, Hindistana yük boşaltdıqdan sonra boş LNG tankeri yenidən Hörmüz boğazına daxil olub.

Mütəxəssislər bu hərəkətliliyin qlobal enerji təchizatı və dəniz təhlükəsizliyi baxımından diqqətlə izlənildiyini bildirirlər.