Dənizçilər taktiki hazırlıqlarını nümayiş etdirdi – FOTO – 2 VİDEO

216

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrində Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Denizxeber.az bildirir ki, Müdafiə Nazirliyinin məlumatına görə, təlimə HDQ-nin döyüş və təminat gəmiləri, Dəniz xüsusi təyinatlıları, Dəniz piyada bölmələri, eləcə də digər aidiyyəti qurumların qüvvə və vasitələri cəlb olunub.

Təlim zamanı bölmələr “Həyəcan” siqnalı ilə tam döyüş hazırlığı vəziyyətinə gətirilərək əməliyyat rayonlarına çıxarılıb. Müxtəlif mərhələlərdə patrul fəaliyyətləri həyata keçirilib, hava, suüstü və sualtı təhdidlərin, eləcə də üzən minaların aşkarlanaraq zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları icra olunub.

Dəniz xüsusi təyinatlıları kritik infrastruktur obyektlərinin mühafizəsi, kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi və helikopter dəstəyi ilə terrorçu qrupların bazalarının məhv edilməsi üzrə əməliyyatlar yerinə yetiriblər. Gəmi Əməliyyatları Qrupları isə ələ keçirilmiş gəminin azad olunması və girovların xilas edilməsi tapşırıqlarını uğurla icra ediblər.

Təlim çərçivəsində Dəniz piyada bölmələri yaşayış məntəqəsində saxlanılan girovların azad olunmasını məşq edib. Eyni zamanda, partladılmış gəmidə yanğının söndürülməsi, yaralıların təxliyəsi, suya düşən şəxslərin xilas edilməsi və gəminin sualtı hissəsinə yerləşdirilmiş minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər də həyata keçirilib.

Sonda təlimə cəlb olunan gəmi, kater və xüsusi texnikaların, həmçinin silahlanmaya yeni qəbul edilmiş silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi təşkil olunub.

Təlimin əsas məqsədi Xəzər dənizində və sahilyanı ərazilərdə yerləşən kritik enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə müxtəlif qurumlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, eləcə də qüvvələrin döyüş hazırlığının artırılması olub. Müdafiə Nazirliyi təlim iştirakçılarının qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirdiyini bildirib.