“Seawise Giant”: rekordların gəmisi

86

Gəmiçilik tarixi qədim Misir dövründən başlayaraq əsrlər boyu inkişaf edib və müasir dövrə qədər gəlib çatıb. Qədim və orta əsrlərdə istifadə olunan avarlı gəmilər zamanla elm və texnologiyanın inkişafı nəticəsində həm ölçü, həm sürət, həm də yükdaşıma qabiliyyəti baxımından böyük dəyişikliklərə uğrayıb.

Müasir dövrdə gəmilər yalnız sərnişin və müxtəlif yüklərin deyil, həm də neft və qazın daşınmasında mühüm rol oynayır. Bu məqsədlə xüsusi neftdaşıyan tanker gəmiləri inşa olunur.

Bu günədək istehsal edilmiş ən böyük tanker kimi tarixə “Seawise Giant” düşüb. O, dünyanın ən iri neftdaşıyan tankeri hesab olunur.

Nəhəng gəminin uzunluğu 458 metr, eni isə 69 metr təşkil edir. Tankerin boş vəziyyətdə çəkisi təxminən 82 min ton, maksimum yükdaşıma qabiliyyəti isə 575 min tondur. Tam yüklü halda ümumi çəkisi 657 min tona çatır.

“Seawise Giant” 1979-cu ildə Yaponiyada inşa edilib. Gəmi 50 min at gücünə malik mühərriklə təchiz olunub. Tankerin yanacaq çənləri 16 500 ton mazut, generator sistemləri üçün isə əlavə 800 ton dizel yanacağı saxlamaq imkanına malikdir.

Açıq dənizdə hərəkət zamanı tanker sutkada təxminən 200 ton yanacaq sərf edir və maksimum saatda 30,6 kilometr sürətlə üzə bilir.

Tankerlə bağlı ən maraqlı məqamlardan biri onun dayanma məsafəsidir. “Seawise Giant” tam yüklü vəziyyətdə limana yaxınlaşarkən təxminən 9 kilometr məsafədə mühərriklərini söndürürdü. Yükün yaratdığı böyük ətalət nəticəsində gəmi bütün hərəkət mexanizmləri dayandırıldıqdan sonra belə 9, bəzən isə 11 kilometr məsafəni hərəkətlə qət edə bilirdi.