ASCO-nun “Suraxanı” gəmi-muzeyi bu dəfə robototexnika sahəsinin tanınmış nümayəndələrini qəbul edib. Dünyanın aparıcı robototexnika şirkətlərindən biri olan “Unitree Robotics”in Cənubi Qafqaz üzrə meneceri Li Yinjiang, eləcə də “Xbot Az” şirkətinin rəhbər heyəti muzeyi ziyarət edərək onun tarixi və texnoloji imkanları ilə yaxından tanış olublar.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, qonaqlara dünyanın ilk tanker-muzeyi hesab edilən “Suraxanı”nın tarixi, Azərbaycan dənizçiliyinin keçdiyi inkişaf yolu, ölkənin zəngin gəmiçilik ənənələri, muzeydə nümayiş etdirilən eksponatlar, arxiv sənədləri və fotoşəkillər haqqında ətraflı məlumat verilib.
Ziyarət zamanı xüsusilə muzeydə tətbiq olunan:
- artırılmış reallıq (AR) texnologiyaları,
- interaktiv ekspozisiyalar,
- multimedia sistemləri,
- müasir rəqəmsal təqdimat həlləri
qonaqların diqqətini cəlb edib.
Görüş çərçivəsində ASCO-nun innovasiya və rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr, eləcə də gənclər arasında robototexnika və texnologiyalara marağın artırılmasına yönəlmiş təşəbbüslər barədə də məlumat təqdim olunub.
Ziyarətin sonunda qonaqlar “Suraxanı” gəmi-muzeyinin tarixi irsin qorunması ilə müasir texnologiyaların uğurlu şəkildə birləşdirilməsini yüksək qiymətləndirərək muzey haqqında müsbət təəssüratlarını bölüşüblər. Bu cür görüşlər dənizçilik, innovasiya və robototexnika sahələri arasında əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verir.











